ELM VƏ TƏHSİL
Bu ilin məzunları üçün iyulun 23-də II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
Bakı, 14 iyul, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
TQDK-dan AZƏRTAC-a bildirilib ki, bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 13-dən etibarən TQDK-nın internet saytına (https://eservices.tqdk.gov.az/brxvbak/?frm=egov) daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Qeyd edək ki, abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiqləyən sənədin əslini, “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkarlandıqda abituriyent imtahana buraxılmayacaq.