REGİONLAR
Bu mövsüm İmişlidə ötən ildəkindən 3,5 dəfə çox barama istehsal olunacaq
İmişli, 5 may, Mahir Babayev, AZƏRTAC
Bu il İmişlidə 15 ton barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə 300 qutu (5min 700 qram) ipəkqurdu toxumu gətirilərək müqavilə bağlanılmış 142 kümçüyə paylanılıb.
Rayon kənd təsərrüfatı idarəsindən AZƏRTAC-a bildiriblər ki, ötən il rayonda 4 ton barama istehsal olunub. İpəkçilər bu il istehsalı 4 dəfə artıraraq 15 tona çatdırmağı qarşıya məqsəd qoyublar. Bununla bağlı rayonda kümçülər üçün bütün zəruri şərait yaradılıb. İpəkqurdunun yem bazasının möhkəmləndirmək məqsədilə ötən il 37 min tut tingi gətirilərək ayrı-ayrı yaşayış məntəqələrində əkilib, mövcud bağlara qulluq göstərilib.
Respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər rayon sakinlərinin bu sahəyə marağını artırıb. Şaverdilər kənd sakini Səxavət İsmayılov ötən il 200 kiloqram barama istehsal edərək 1800 manat gəlir əldə edib. İpəkçi bu mövsüm 500 kiloqram məhsul istehsal etmək üçün kifayət qədər inkubasiya olunan ipəkqurdu toxumu götürüb.
Qeyd edək ki, ötən il istehsal edilən baramanın hər kiloqramı 8 manat olub. Bu il isə kümçülər istehsal etdiyi məhsulun hər kiloqramından 9 manat gəlir götürə biləcəklər.