REGİONLAR
Bu mövsümdə 100 min qonağı qarşılayacaq Şahdağ Qış-Yay Turizm Kompleksindən möhtəşəm yeniliklər
Qusar, 19 dekabr, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunda yerləşən Şahdağ Qış-Yay Turizm Kompleksinə qarşıdakı qış mövsümündə 100 min turistin gələcəyi proqnozlaşdırılır. İstirahət mərkəzinə gələn turistləri yüksək səviyyəli xidmət və bir sıra yeniliklər gözləyir. Yeni mövsümdə kompleksin ərazisində iki beşulduzlu otel də fəaliyyətə başlayacaq.
Bu barədə məlumat verən Şahdağ Qış-Yay Turizm Kompleksinin satış və marketinq şöbəsinin müdiri Elnarə Fərzəliyeva AZƏRTAC-a eksklüziv müsahibəsində istirahət mərkəzində qarşıdakı qış mövsümdəki yeniliklər, təklif olunan xidmətlərin qiymətləri və turistləri maraqlandıran digər məsələlər barədə sualları cavablandırıb.
-Şahdağ Qış-Yay Turizm Kompleksində növbəti qış turizm mövsümünə start verilir. İstirahət mərkəzinə respublikamızla yanaşı, bir çox xarici ölkələrindən də turistlər gəlir. Bu qış mövsümündə onları hansı yeniliklər gözləyir?
-Şahdağ Qış-Yay Turizm Kompleksində bu qış mövsümdə yeni qondola qaldırıcısı işə salınacaq. Bununla da xizəkçilər 6 yeni xizək enişindən istifadə edə biləcəklər. Ötən mövsümdə sürüşmə zolaqlarının ən yüksək nöqtəsi 1435 metr idi. Hazırda isə bu göstərici 2100 metrə çatır. Genişləndirilmiş 16,8 kilometrlik xizəksürmə ərazisi burada saatda 11 min nəfərin xizək sürməsinə imkan yaradır. Ərazini daim qarla təmin etmək üçün 160 ədəd süni qar generatorları quraşdırılıb. Yeni mövsümdən kompleksin ərazisində 5 ədəd müxtəlif kafe və restoran istifadəyə veriləcək.
- Turistləri ilk növbədə turizm mərkəzindəki xidmətlərin qiymətləri maraqlandırır. Ötən illə müqayisədə qiymətlərdə dəyişiklik varmı?
-Otel xidmətlərimizin sayının artmasına və təkmilləşməsinə baxmayaraq, qiymətlərdə dəyişiklik gözlənilmir. Xizək və əyləncə sevənlər üçün qiymətlər təklif olunan xidmətlərə uyğun olaraq dəyişir.
- Kompleksə daha çox turist cəlb etmək üçün yerli və əcnəbi turizm şirkətləri ilə əlaqələr necə qurulub?
-Yerli turizm şirkətləri ilə artıq hərtərəfli əlaqələr mövcuddur. İl ərzində yerli turistlər bu turizm şirkətlərinin köməyi ilə asanlıqla istirahət mərkəzinə səfərlərini həyata keçirə bilirlər. İlin hər mövsümünə aid yeniliklərlə tanışlıq məqsədilə mütəmadi olaraq info-turlar da həyata keçirilir. Şahdağ Qış-yay Turizm Kompleksinin təbliğatı, tanıtımı və buraya xarici turistlərin cəlb olunması məqsədilə artıq əcnəbi turizm şirkətləri (Rusiya, İtaliya, Fransa) üçün bir neçə dəfə müvəffəqiyyətli info-tur və işgüzar görüşlər həyata keçirilib. İlk növbədə Türkiyə və Rusiyadan turistlərin cəlb olunması üçün beynəlxalq turizm sərgilərində iştirak edirik. Artıq bu ölkələrin aparıcı turizm şirkətləri ilə müqavilələr bağlanılıb.
-Kompleksə istirahətə gələcək turistlərlə təmasda olacaq işçi personalının xidmət səviyyəsinin artırılması üçün hansı işlər görülüb?
-Qarşıya qoyduğumuz birinci və ən əsas məqsədlərimizdən biri də işçi personalımızın mükəmməl səviyyədə xidmət göstərməsi, gülərüz və bilikli olmasıdır. Mərkəzin departamentlərinin, həmçinin xidmət göstərən digər sahələrinin böyük əksəriyyəti təcrübəli əcnəbi menecerlərlə işləyir və onlar tərəfdən müntəzəm olaraq təlimatlandırılırlar. Bununla yanaşı, işçi heyətimiz ildə bir neçə dəfə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər tərəfindən keçirilən təlimlərdə iştirak edir.
-Bu mövsümdə turistlərə istirahət məkanında hansı otellər xidmət göstərəcək?
-Hazırda Şahdağ Qış-Yay Turizm Mərkəzində üç otel fəaliyyət göstərir. Bunlar “Shahdag Hotel & Spa”, “Pik Palace” və “Zirvə” otelləridir. Yeni mövsümdən isə burada əlavə olaraq beşulduzlu “Park Chalet” oteli və “Qaya Residences” fəaliyyətə başlayacaq. “Park Chalet” oteli 164 yataq otağı, barlar, restoranlar, fitnes və spa mərkəzi ilə turistlərin istifadəsinə veriləcək. “Qaya Residences” otelində isə ailələr rahat ev şəraitindən yararlana biləcəklər.
-Bu qış mövsümündə turizm mərkəzinə nə qədər qonağın gələcəyini proqnozlaşdırırsınız?
-İlk mövsümdə (2012-2013-cü il) turistlərin sayı 50 min civarında olub. Ötən ilki qış mövsümündə isə 85 minə yaxın turist qəbul etmişik. Qarşıdakı qış mövsümündə isə təqribən 100 min turistin gəlməsini gözləyirik. Hazırda kompleksə gələn əcnəbi turistlərin sayı orta hesabla ümumi turistlərin 8-10 faizini təşkil edir.