MƏDƏNİYYƏT
Bu sessiyada qəbul edəcək qərarlar İslam ümmətinin sıralarını daha da sıxlaşdıracaq
Bakı, 26 noyabr, AZƏRTAC
Oman Sultanlığı ilə Azərbaycan Respublikası arasında mövcud olan əlaqələr inkişaf edir. Bu əlaqələrin inkişaf etməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Oman Sultanı Qabus bin Səidin böyük rolu vardır.
AZƏRTAC xəbər verir ki, bunu Oman sultanlığının nümayəndə heyətinin rəhbəri, Təhsil Nazirliyinin müşaviri Məhəmməd Həmdan Süleyman əl-Tubi müsahibəsində bildirib.
O, ISESCO-nun Baş Konfransının XII sessiyasının əhəmiyyətindən danışaraq deyib: “İslam ümməti son zamanlar böyük proseslər şahididir. İslam xalqlarını təmsil edənlərin burada bir yerdə toplanması və bu məsələləri müzakirə etməsi mühümdür. Düşünürəm ki, bu tədbirdə qəbul ediləcək qərarlar İslam ümmətinin sıralarını daha da sıxlaşdıracaq”.
Məhəmməd Həmdan Süleyman əl-Tubi İslamla terrorun eyniləşdirilməsinə aydınlıq gətirərək bildirib ki, bu, İslama qarşı nifrəti olan tərəflərin uydurmasıdır. Lakin İslam ümməti 1400 ildən çoxdur ki, əsas kitabı “Qurani-Kərim”ə istinad edərək İslam xalqlarının sülh ümməti olduğunu bir daha bildirir və göstərir.