ELM VƏ TƏHSİL
Bu yay məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsi nəzərdə tutulur
Bakı, 29 iyun, AZƏRTAC
Bir neçə il bundan əvvəl məktəblərdə formativ qiymətləndirmənin ləğvi bürokratik əngəlləri aradan qaldırdı. Çünki formativ qiymət jurnalları vaxtilə müəllimlərə baş ağrısı yaradan alət kimi qəbul edilirdi.
AZƏRTAC xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev iyunun 29-da “Formativ və summativ qiymətləndirmə” mövzusunda keçirilən seminarda deyib.
E.Əmrullayev bildirib ki, bu gün hələ də summativ qiymətləndirmə ilə bağlı bir sıra problem mövcuddur. O deyib: “Bu məsələdə valideynlərin və cəmiyyətin istəyi fərqlidir. Təcrübə onu göstərir ki, valideyn hər zaman övladının yaxşı qiymət almasını istəyir. Hətta valideynlər övladının “4” əvəzinə “5” alması üçün ən yüksək instansiyalara müraciət edirlər və bundan çəkinmirlər. Lakin onlar bəzən qiymətləndirmənin mahiyyətindən uzaqlaşırlar”.
Bu yay məktəblərdə şagirdlərin qiymətləndirilməsi formasına dəyişiklik edilməsinin nəzərdə tutulduğunu vurğulayan E.Əmrullayev deyib: “Aşağı siniflərdə imtahan yükünü azaltmaq lazımdır. Qiymətləndirmə ilə bağlı şagirdlər arasında rəqabət mühiti yaransa da, onların əməkdaşlığını da təmin etmək lazımdır”.