SİYASƏT
Budapeştdə erməni yalanlarını ifşa edən “Tarixi həqiqətlərin izi ilə” sənədli filminin təqdimatı olub
Budapeşt, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Macarıstandakı səfirliyində İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri, Bakı Slavyan Universitetinin dosenti, tanınmış jurnalist və tədqiqatçı Şəlalə Həsənovanın müəllifi olduğu “Tarixi həqiqətlərin izi ilə” iki hissəli sənədli filminin təqdimat mərasimi keçirilib.
İlkin mənbələrin tədqiqi, zəngin arxiv mənbələri əsasında, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə çəkilən kinolentdə ermənilərin guya tarixdə ilk xristian dövləti olmaları və dünyaya yüksək mədəni dəyərlər yaymaları barəsindəki mif tutarlı arqument və faktlarla təkzib olunur. Onların Cənubi Qafqaza, indi yaşadıqları və işğal etdikləri ərazilərə sonradan gəlmələri sübuta yetirilir. Filmin ikinci hissəsi Ermənistanın indiki paytaxtı İrəvanın əsrlər boyu türk-Azərbaycan şəhəri olmasına, burada türk-İslam mədəniyyətinin sonralar ermənilər tərəfindən məhv edilən, yaxud tarixləri saxtalaşdırılan çoxsaylı abidələrin mövcudluğuna həsr edilib. “Tarixi həqiqətlərin izi ilə” filminin mühüm məziyyətlərindən biri kadrarxası diktor mətninin ingilis dilində olmasıdır. Bu, maraqlı ekran əsərinin beynəlxalq miqyasa çıxarılmasını asanlaşdırır.
Təqdimat mərasimində çıxış edən səfir Vilayət Quliyev tədbirin keçirildiyi 15 sentyabr tarixinin müasir Azərbaycan tarixində mühüm bir gün – Bakının erməni-bolşevik işğalından azad olunması günü olduğunu bildirərək bu diqqətəlayiq hadisənin nümayiş etdiriləcək filmlə də müəyyən bağlılığı olduğunu vurğulayıb. Səfir Azərbaycan əsgərinin bir zamanlar Bakını azad etdiyi kimi işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonları da mütləq azadlığa qovuşduracağına inandığını bildirib. İştirakçılara erməni tarix saxtalaşdırıcılarının onilliklər boyu Azərbaycanla bağlı qara piar fəaliyyəti barədə məlumat verildikdən sonra filmin müəllifi Şəlalə Həsənova çıxış edib.
O, film üzərindəki işi və Cənubi Qafqazın erməni yalanlarından təmizlənmiş gerçək tarixinin populyar şəkildə dünya ictimaiyyətinə çatdırılması ilə bağlı gələcək planlarından danışıb.
Təqdimat mərasimində Macarıstanın elm və mədəniyyət adamları, diplomatik korpusun nümayəndələri, diaspor üzvləri, macar və azərbaycanlı tələbələr iştirak ediblər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt