MƏDƏNİYYƏT


Budapeştdə ölkəmizin müstəqilliyinin bərpasına həsr olunan konsert keçirilib

A+ A

Budapeşt, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ilə bağlı Konstitusiya Aktının qəbul olunmasının 25 illiyi münasibətilə ölkəmizin Macarıstandakı səfirliyi böyük bayram tədbiri keçirib.

1848-ci il macar inqilabı dövründə parlament binası olmuş İtaliya Mədəniyyət İnstitutunda təşkil olunan konsertdə Azərbaycan, İtaliya və Macarıstanın incəsənət ustaları çıxış ediblər.

Konsertdən əvvəl səfir Vilayət Quliyev Azərbaycan xalqının müstəqillik uğrunda mübarizələrlə dolu tarixi haqqında məlumat verib. Çar Rusiyasının süqutundan sonra Şərqdə ilk demokratik respublikanın Azərbaycanda qurulduğunu xatırladan səfir Sovet İttifaqının süqutu ərəfəsində də azərbaycanlıların demokratiya və milli müstəqillik uğrunda hərəkatın önündə getdiyini vurğulayıb. Səfir V.Quliyev Azərbaycan torpaqlarının böyük bir hissəsinin hələ də qonşu Ermənistanın işğalı altında qalmasına baxmayaraq, ölkəmizin sürətli inkişaf yolu keçdiyini, dünya birliyinin nüfuzlu üzvlərindən birinə çevrildiyini vurğulayıb.

Konsert proqramı özünün zənginliyi və rəngarəngliyi ilə seçilib. Əvvəlcə Ferens List adına Budapeşt Musiqi Akademiyasının məzunu Jalə Rəsulova (pianino) və Vyana Musiqi Akademiyasının magistri Fərid Feyzullayev (skripka) görkəmli Azərbaycan bəstəkarları Qara Qarayev və Arif Məlikovun əsərlərindən parçalar ifa ediblər.

İtaliya, Macarıstan və Azərbaycan musiqiçilərindən ibarət FİBUBA (Florensiya, Budapeşt, Bakı) ansamblı üç ölkənin musiqi sənəti incilərindən tərtib olunmuş maraqlı konsert proqramı ilə çıxış edib. Tanınmış azərbaycanlı pianoçu Səidə Tağızadə, macar skripkaçısı Zoltan Banfalvi, italyan violençel ustası Pierluigi Ruggiera, Florensiya operasının solistləri Leonardo de Lisi (bariton) və Cüzeppe Suraçinin (tenor) ifasında Paolo Tosti, Nazim Əliverdibəyov, Bela Bartok, Sevda İbrahimova, Ferens List və Üzeyir Hacıbəylinin əsərləri yüksək ustalıqla ifa olunub. Leonorda de Lisinin Azərbaycan dilində oxuduğu məşhur “Sevgili canan” romansı xüsusilə böyük maraq və rəğbətlə qarşılanıb.

Böyük uğurla keçən bayram konsertində Budapeştdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, macar elm və mədəniyyət xadimləri, Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.