REGİONLAR
Bugünkü müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir
Qazax, 26 noyabr, Famil Quliyev, AZƏRTAC
Qazax şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında açıq dərslər davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti açıq dərsdə Qazax şəhər 1 nömrəli tam orta məktəbin 33 şagirdi iştirak edib.
Təcrübəli tarix müəllimi Süsən Alməmmədova tərəfindən tədris olunan dərsdə şagirdlərə ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib. Şagirdlərin diqqətinə çatdırılıb ki, Azərbaycanın dövlət müstəqilliyinin təməli hələ Ulu Öndərin respublikamıza birinci dəfə rəhbərlik etdiyi ötən əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində qoyulub. Bugünkü müstəqil Azərbaycan isə Ümummilli Liderin şah əsəridir. Əgər 1993-cü ildə xalqın təkidli tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməsəydi, indiki müstəqil Azərbaycan dövləti də mövcud olmazdı.
Bildirilib ki, dahi rəhbərin uzaqgörən siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan daha böyük uğurlara imza atır.
Tədris zamanı şagirdlərə Ulu Öndərin Azərbaycan dövləti naminə titanik fəaliyyətindən bəhs edən sənədli film də göstərilib.