İQTİSADİYYAT
Builki “SOCAR Yay Məktəbi” layihəsində 30 gənc iştirak edir
Bakı, 22 avqust, Nihad Budaqov, AZƏRTAC
Builki “SOCAR Yay Məktəbi” layihəsində 30 gənc iştirak edir.
AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 22-də keçirilən “SOCAR Yay Məktəbi-2016”nın açılış mərasimində məlumat verilib.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə “Yay Məktəbi-2016”nın iştirakçısı olan gəncləri müsabiqənin qalibi olmaları münasibətilə təbrik edib və məktəbin işinə uğurlar arzulayıb. Əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən enerji strategiyası çərçivəsində qazanılan nailiyyətlərdən danışan X.Yusifzadə SOCAR-ın həyata keçirdiyi təhsil proqramları, o cümlədən “SOCAR Yay Məktəbi” proqramının məqsədi barədə məlumat verib.
Bildirib ki, SOCAR 2005-ci ildən təhsildə seçilən istedadlı gəncləri təqaüd proqramlarına cəlb etməyə başlayıb. Hazırda həyata keçirilən Yay Məktəbində də mühazirəçilərin çoxu məhz SOCAR-ın Təqaüd Proqramı çərçivəsində təhsillərini xaricdə başa vurub geri qayıtmış gənclərdir.
Azərbaycanın enerji sektorunda gənc kadrlara tələbatın yüksək olduğunu deyən X.Yusifzadə ölkə daxilində, eləcə də xaricdə təhsil alan tələbə və gənc mütəxəssislərin bu sahəyə marağını artırmaq məqsədilə SOCAR-da 2010-cu ildən etibarən ali məktəb tələbələri üçün “Yay Məktəbi” layihəsinə start verildiyini söyləyib.
2012-cü ildən etibarən “Yay məktəbi” layihəsinə tələbələrlə yanaşı SOCAR-ın əməkdaşları da cəlb olunurlar. Builki Yay Məktəbi layihəsinə sənəd qəbulu mayın 26-dan iyulun 16-dək keçirilib. Layihəyə seçim bir neçə mərhələdən ibarətdir. Layihənin birinci mərhələsində ilkin şərtlərə cavab verən namizədlərin məntiqi təfəkkürünün yoxlanılması üzrə test imtahanı keçirilir. İkinci mərhələdə isə SOCAR-ın mütəxəssisləri tərəfindən müsahibələr aparılır.
Bildirilib ki, “SOCAR Yay Məktəbi-2016”ya ümumilikdə 702 nəfər müraciət edib. Layihənin birinci mərhələsi 12-13 iyul tarixlərində keçirilib və bu mərhələdə 510 nəfər iştirak edib. Layihənin birinci mərhələsindən ixtisas qrupları üzrə müvafiq keçid balını toplayan 89 nəfər namizəd ikinci mərhələyə - müsahibələrə keçmək hüququ qazanıb. 3-5 iyul tarixlərində SOCAR-ın mütəxəssisləri tərəfindən keçirilən müsahibələrdə özünü doğruldan, mütəxəssislərin suallarına daha düzgün cavab verən 30 namizəd layihənin iştirakçısı olmaq hüququ qazanıb. Bu mərhələyə seçilənlərin 18-i tələbə, 12-si isə SOCAR-ın işçisidir. Seçilən tələbələr Azərbaycanın və xarici ölkələrin 5 universitetini, SOCAR-ın işçiləri isə şirkətin 6 müəssisə və idarəsini təmsil edir. Avqustun 28-dək davam edəcək “SOCAR Yay Məktəbi-2016” layihəsi çərçivəsində iştirakçılar şirkətin “Azərikimya” İstehsalat Birliyinə və “Eko Park”a səfər edəcək, onlar arasında yarışlar və intellektual oyunlar keçiriləcək.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.