REGİONLAR
Builki mövsümdə ilk dəfə olaraq qarabaşaq əkininə başlanılıb
Bakı, 31 may, AZƏRTAC
Builki məhsul mövsümündə ilk dəfə olaraq qarabaşaq əkininə başlanılıb.
"Ərzaq məhsullarının tədarükü və təchizatı" Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-a bildiriblər ki, Kürdəmir rayonunda 50 hektar (gözlənilən məhsuldarlıq 125 ton), Qəbələ rayonunda 12 hektar (gözlənilən məhsuldarlıq 30 ton) və Bərdə rayonunda 1 hektar (gözlənilən məhsuldarlıq 2,5 ton) sahədə qarabaşaq əkini üçün istehsalçılara 39 min 348 manat avans verilib. Əkinlər optimal vaxtda başa çatdırılıb və hazırda sahələrdə aqrotexniki qaydalara uyğun çıxış əldə olunub. Sahələrdə məhsuldarlığın 157,5 ton təşkil edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, qarabaşaq qida dəyəri yüksək, əhalinin istehlakında mühüm yer tutan bitkilərdən biridir. Aqrotexniki qulluğa qarşı tələbkar olmaması, münbit olmayan torpaqlarda belə asan yetişdirilməsi, sərt iqlim amillərinə qarşı dayanıqlılığı bu bitkinin təsərrüfat əhəmiyyətini daha da artırır. Respublikamızın bölgələrində uzun illər əkilmədiyi üçün hazırda qonşu ölkələrdən idxal edilir. Səhmdar Cəmiyyət yerli istehsalçılarda qarabaşaq əkininə marağı artırmaq üçün bu sahəyə avans məbləğinin verilməsini və istehsal olunan məhsulun fermerdən sərfəli qiymətə tədarük olunmasını həyata keçirir.