CƏMİYYƏT
Bülbülə qəsəbəsində “Bir bələdiyyə - azı bir layihə” proqramı həyata keçirilir
Bakı, 14 avqust, AZƏRTAC
Suraxanı rayonunda Bülbülə qəsəbə bələdiyyəsi “Bir bələdiyyə - azı bir layihə” proqramı çərçivəsində abadlıq proqramı həyata keçirir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bələdiyyə həmin layihə çərçivəsində qəsəbədə yerləşən kənd qəbiristanlığında Şəhidlər xiyabanının əsaslı şəkildə yenidən qurulmasına və 11 şəhidin xatirəsinin əbədiləşdirilməsinə nail olub. Həmin ərazidə 130 kvadratmetr sahəyə yaşıl ot, 150 ədəd dekorativ və 50 ədəd qızılgül əkilib. Hazırda qəbiristanlıqda hasarının tikintisi aparılır və yaxın günlərdə başa çatdırılacaqdır.
Ümumiyyətlə, rayon üzrə 19 ünvanda 63 şəhidin xatirəsini ədəbiləşdirən xatirə kompleksləri əsaslı təmir olunub və yeniləri tikilib. Bu il proqram çərçivəsində Hövsan qəsəbəsində Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılmış “1941-1945” abidə kompleksi əsaslı təmir edilib, 1150 kvadratmetr ərazi abadlaşdırılıb, Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə küçəsində 250 kvadratmetr əraziyə yaşıl ot əkilib, ağacların və yaşıl çəmənin suvarılması üçün su xətti çəkilib.