İQTİSADİYYAT
“Bulla-dəniz” yatağı üçün yeni özül inşa olunacaq
Bakı, 3 oktyabr, AZƏRTAC
“Azneft” İstehsalat Birliyinin N.Nərimanov neft və qazçıxarma idarəsinin (NQÇİ) istismar etdiyi “Bulla-dəniz” yatağı üçün yeni 18 nömrəli stasionar dəniz özülünün inşası nəzərdə tutulur.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında inşa olunacaq özülün baş podratçısı “Neftqaztikinti” Trestidir. Bir kəşfiyyat və 4 ədəd istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 21 metr dərinliyində yerləşdiriləcək. Özüldə yaşayış və qazma sahələri, ən müasir qazma avadanlığı, vertolyot, minik və gəmi yanalma meydançaları, bioloji təmizləmə və Əks-osmos qurğuları, qaldırıcı kranlar, neft və qaz kəmərlərində məsafədən idarə olunan kəsici siyirtmələr, yanğınsöndürmə sistemi, dizel elektrik generatorları və digər zəruri avadanlıqlar quraşdırılacaq. Özüldə maye və qaz xətləri çəkilərək mövcud sistemlə əlaqələndiriləcək, ətraf mühitin mühafizəsi bütün müasir norma və tələblərə uyğun şəkildə təmin ediləcək.
Kəşfiyyat quyusu “Bulla-dəniz” yatağının şimal-şərq qanadının V və IV tektonik blokunda məhsuldar qatın VIII horizontunun karbohidrogen ehtiyatlarını mənimsəmək məqsədilə qazılacaq.
Özüldən sutkada 2 milyon 500 min kubmetr qaz və 500 ton kondensat hasil ediləcəyi planlaşdırılır.