İQTİSADİYYAT


“Bulla-dəniz” yatağında 2A saylı Qazyığma Məntəqəsi inşa edilir

Bakı, 12 yanvar, AZƏRTAC

SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Bulla-dəniz” yatağında 2A saylı Qazyığma Məntəqəsinin inşasını uğurla davam etdirir.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yataqda hasil olunan karbohidrogenlərin yığılaraq sahilə nəql olunması məqsədilə inşa edilən məntəqə ayrıca özül üzərində quraşdırılacaq.

Hazırda tikintisi davam edən özülün ümumi sahəsi 1900 kvadratmetrdir. İstehsalat, qaz-atqı avadanlığı yerləşən və məişət sahələrindən ibarət özül dənizin 21 metr dərinliyində yerləşir. Artıq 6 dayaq bloku, 4 aralıq seksiyası, 2 piyada körpüsü, 7 minik və yanalma meydançası hazırlanaraq quraşdırılıb, 36 ədəd svay vurulub, blokların bir-biri ilə bərkidilməsi üçün suüstü əlaqələr qurulub. Metalkonstruksiyaların qaynaq-bərkidilməsi, eləcə də konsol, məhəccər və döşəmənin quraşdırılması işləri tamamlanmaq üzrədir. “Bulla-dəniz” yatağında yerləşən özüllərdən hasil olunan neftin, qazın və kondensatın 2A saylı Qazyığma Məntəqəsinə, oradan da sahilə nəql olunması məqsədilə 22,174 kilometr uzunluğunda müxtəlif diametrli texnoloji sualtı boru kəmərlərinin çəkilməsi, o cümlədən 8 kilometrlik qaz və maye xətlərinin yerinin dəyişdirilməsi işləri də həyata keçiriləcək.

Obyekt istismara verildikdən sonra “Bulla-dəniz” yatağında hasil olunan 6,9 milyon kubmetr qazın, eləcə də 1350 ton neft və kondensatın yığılaraq sahilə nəqli təmin ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.