REGİONLAR
Buraxılış imtahanlarında heç bir qanun pozuntusu qeydə alınmayıb
Göyçay, 30 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
İyunun 30-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Göyçay regional bölməsinin əhatə etdiyi üç rayonda yerləşən orta ümumtəhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları təşkil olunub.
Regional bölmədən AZƏRTAC-a bildiriblər ki, Şamaxı, İsmayıllı və Qobustan rayonlarında buraxılış imtahanlarının keçirilməsi üçün 5 imtahan mərkəzi ayrılıb. İmtahanlarda IX və XI siniflər üzrə Şamaxıda 1576, İsmayıllıda 1850, Qobustanda 812 şagird iştirak edib. IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə imtahan saat 15:00-da başlayıb. Üç rayonda keçirilən buraxılış imtahanlarına 13 imtahan rəhbəri və 215 nəzarətçi müəllim cəlb olunub.
Azərbaycan və rus bölmələri üzrə aparılan buraxılış imtahanları IX siniflər üçün 2 saat, XI siniflər üçün 2 saat 45 dəqiqə davam edib. İmtahanlarda IX sinif şagirdləri ana dili və riyaziyyat fənləri üzrə, XI sinif şagirdləri isə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə biliklərini yoxlayıblar. IX sinif şagirdlərinə hər bir fənn üzrə 30, ümumilikdə, 60 test tapşırığı, XI sinif şagirdlərinə isə ümumilikdə 90 test tapşırığı təqdim edilib. Bundan əlavə, onlar təqdim olunmuş mövzu üzrə yazı işi də yerinə yetiriblər. Şəffaf şəraitdə keçən imtahanın gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb. İmtahan rəhbərləri və nəzarətçi müəllimlər öz vəzifələrini peşəkarlıqla yerinə yetiriblər.
TQDK-nın Göyçay regional bölməsindən imtahanların nəzərdə tutulmuş vaxtda, əsasnaməyə uyğun başladığı və insidentsiz başa çatdığı bildirilib.