CƏMİYYƏT


Buraxılış imtahanlarında nümayiş etdirilən uğurlar bu ilin qəbul imtahanlarının nəticələrində də öz təsdiqini tapıb

A+ A

Bakı, 29 iyul, AZƏRTAC 

Dövlət İmtahan Mərkəzinin Təhsil Nazirliyinə təqdim etdiyi ilkin məlumata əsasən, 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri məlum olub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 2016-2017-ci tədris ili üçün I-IV ixtisas qrupları üzrə qəbul imtahanlarında 78 min 545 abituriyent iştirak edib. İmtahanlarda iştirak edən abituriyentlərin qruplar üzrə sayı I ixtisas qrupu üzrə 31 min 397, II ixtisas qrupu üzrə 22 min 135, III ixtisas qrupu üzrə 19 min 673, IV ixtisas qrupu üzrə 5 min 340 nəfər olub.

Ümumilikdə, ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 34 min 385 nəfər (43,8 faiz) təşkil edib ki, bu da ötənilki göstəricidən 3,8 faiz, 2014-cü ildəki göstəricidən 9,1 faiz artıqdır. 2015-ci ildə 200-dən yuxarı bal toplayanların sayı 33 min 198 nəfər (40 faiz), 2014-cü ildə isə 32 min 159 nəfər (34,7 faiz) təşkil edib.

Bütün qruplar üzrə müsbət dinamika müşahidə olunur. Qruplar üzrə nəzər salsaq, I qrup üzrə 200-dən çox bal toplayan abituriyentlərin göstəricisi ötən illə müqayisədə 3,7 faiz, II qrup üzrə 5,3 faiz, III qrup üzrə 0,5 faiz, IV qrup üzrə 9,9 faiz yaxşılaşma qeydə alınıb.

Ali məktəblərə qəbul imtahanlarında bütün ixtisaslarda abituriyentlərin topladığı ballar üzrə müşahidə edilən artım tempi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun həyata keçirilən tədbirlərin, təhsilverənlərin, təhsilalanların və valideynlərin səmərəli əməkdaşlığının daha yaxşı təşkili baxımından görülən işlərin sayəsində mümkün olub.

Təhsil Nazirliyi ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatının ödənilməsini, müasir iqtisadi çağırışlara çevik reaksiya vermək qabiliyyəti olan ilk peşə-ixtisas təhsili sisteminin formalaşdırılmasını və mövcud peşə təhsili şəbəkəsinin dövlət-biznes partnyorluğuna əsaslanan sistemə transformasiyasını təmin etmək üçün kompleks tədbirlər həyata keçirir. Odur ki, müasir dövrün tələbinə uyğun ilk peşə-ixtisas təhsili ixtisaslarına yiyələnmək üçün yaradılmış imkan və potensialdan yararlanmaq abituriyentlərin seçimindən və istəyindən asılıdır.

Bu il ilk-peşə ixtisası müəssisələrində qəbul planı üzrə müxtəlif ixtisaslar üzrə 19 mindən çox yer nəzərdə tutulub. Abituriyentlər ilk-peşə ixtisası təhsilinə yiyələnməklə müvafiq bilik və bacarıqlara sahib ola, bu sahədə təhsillərini uğurla bitirdikdən sonra ölkə iqtisadiyyatına töhfə verə, öz fərdi bizneslərinə başlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.