QAN YADDAŞI
Bütün gənclərimizə tövsiyə edirəm ki, bu faciəni heç vaxt unutmasınlar
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımı bəşər tarixində ən dəhşətli faciələrdən biridir. Bir gecənin içində 613 nəfərin vəhşicəsinə qətlə yetirilməsi tariximizin ən acı səhifələrindəndir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xocalı soyqırımı abidəsini ziyarət etməyə gələn paytaxt sakini Hüseyn Sadıqov bildirib. H.Sadıqov deyib: “90-cı illərdə Xocalı faciəsini beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq üçün əlimiz heç yerə çatmırdı. İndi isə biz bu sahədə çoxlu işlər görürük. Dünyanın bir çox ölkələri Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Bundan sonra da bu faciənin dəhşətlərini dünya ictimaiyyətinə çatdırmaq lazımdır. Bunun üçün xaricdə yaşayan soydaşlarımız birləşərək təbliğat kampaniyası aparmalıdırlar. Ermənilər əvvəldən belə faciələr törətməyə adətkər olub. Bütün gənclərimizə tövsiyə edirəm bu faciəni heç vaxt unutmasınlar. Allah bütün soyqırımı qurbanlarına rəhmət eləsin”.