CƏMİYYƏT
Bütün ölümlərin dörddəbiri ekoloji problemlərlə bağlıdır
Bakı, 24 may, AZƏRTAC
Dünyanın yüzlərlə ekoloqu Keniyada ətraf mühit üzrə BMT-nin ikinci Assambleyasında iştirak etmək üçün bir araya gəlib.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, onlar hər il milyonlarla insanın ölümünə səbəb olan ekoloji problemləri, həmçinin bir çox heyvan və bitki növlərinin nəslinin kəsilməsinə gətirib çıxaran qeyri-leqal ticarətin qarşısının alınması yollarını müzakirə edirlər. Assambleya iştirakçıları ərzaq tullantıları, biomüxtəlifliyin qorunub saxlanılması və davamlı istehsalın qənaətlə işlədilməsi barədə, dünya okeanlarının vəziyyətinin yaxşılaşdırılmasına dair bir sıra qətnamələr qəbul etmək niyyətindədirlər.
BMT-nin Ətraf Mühit Proqramının (YUNEP) və Dünya Səhiyyə Təşkilatının birgə hazırladığı hesabat Assambleya iştirakçılarının müzakirəsinə təqdim olunub. Hesabatda bildirilir ki, dünyada bütün ölüm hallarının dörddə biri iqlim dəyişiklikləri, havanın çirklənməsi, ekoloji problemlər və digər kimyəvi maddələrin istifadəsi ilə bağlıdır. Söhbət 12,6 milyon insandan gedir. Bu insanlar müharibələr və münaqişələrlə nisbətdə hər il 234 dəfə daha çox ətraf mühitin deqradasiyası səbəbindən ölür.
YUNEP-in başqa məruzəsində deyilir ki, ətraf mühit yüksək templə tənəzzülə uğrayır. Torpağın səthi qızır, planetin bir çox sakinləri içməli su qıtlığı ilə üzləşirlər. Qar örtüyünün və buzlaqların əriməsi, habelə dənizin səviyyəsinin artması müşahidə olunur.