SİYASƏT
Buxarestdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı geniş tədbir keçirilmişdir VİDEO
Bakı, 18 dekabr (AZƏRTAC). Dekabrın 18-də Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının təşəbbüsü və ARDNŞ-in Rumıniya nümayəndəliyinin dəstəyi ilə Buxarestdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə geniş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi, Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Rumıniya nümayəndəliklərinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatası, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyasının üzvləri, diasporun təmsilçiləri, Rumıniyada yaşayan, təhsil alan azərbaycanlılar və Azərbaycansevər rumınlar iştirak etmişlər.
ARDNŞ-in Rumıniya nümayəndəliyinin direktoru Həmzə Kərimov iştirakçıları salamlayaraq, tədbirin əhəmiyyətindən danışmışdır. H.Kərimov bayramın Azərbaycan xalqının birlik rəmzi olması, bu günün ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında həmrəylik yaratmaq prosesində mühüm rol oynamasını vurğulamışdır. O bildirmişdir ki, Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi dünya azərbaycanlıları tərəfindən bir zərurətə, mənəvi ehtiyaca çevrilmişdir. H.Kərimov ARDNŞ-in Azərbaycan diasporuna hər zaman dəstək olacağını qeyd etmişdir.
Azərbaycan Respublikasının Rumıniyadakı səfir Fərid Abdinbəyov ilk növbədə azərbaycanlıları həmrəylik günü münasibətilə təbrik edərək, xarici ölkələrdəki, eyni zamanda, Rumıniyadakı azərbaycanlılara, onların problemlərinin həllinə münasibətdə həmişə dövlət qayğısının olduğunu bildirmişdir. O, Azərbaycanın gündən-günə inkişaf etdiyini, düşünülmüş iqtisadi siyasət nəticəsində dünya maliyyə və iqtisadi böhranının nəticələrinin ölkəmizdə minimuma endirildiyini diqqətə çatdırmışdır. Tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar, keçirilən görüşlər barədə məlumat verilmişdir. Həmçinin, səfir F.Abdinbəyov Azərbaycan dövlətinin taleyüklü məsələsinin həllində icma nümayəndələrimizi sıx birliyə və həmrəyliyə çağırmışdır.
Mərasimdə çıxış edən Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev Rumıniyadakı Azərbaycan diasporu adından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə tədbirin keçirilməsi üçün verdiyi dəstəyə görə təşəkkürünü bildirmişdir. İ.Hacıyev Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün ümummilli lider Heydər Əliyevin böyük səylər göstərdiyini vurğulamışdır. Sədr qeyd etmişdir ki, hələ 1991-ci ildə Naxçıvanda ulu öndərin təşəbbüsü ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan edilmiş, daha sonra 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq Dövlət bayramı kimi tarixiləşdirilmişdir. Bununla da bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü hər il bayram edilir.
Çıxışlardan sonra tədbir Azərbaycan və rumın musiqisindən ibarət konsert proqramı və ziyafətlə davam etmişdir.