İQTİSADİYYAT
Buxarestdə Novruz Bayramı münasibətilə keçirilən tədbirdə SOCAR-ın yeni loqosunun təqdimat mərasimi olub
Bakı, 19 mart, AZƏRTAC
Martın 19-da Buxarestdə Novruz Bayramı münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) yeni loqosunun təqdimat mərasimi olub.
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi, bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatının təşəbbüsü və SOCAR-ın dəstəyi ilə keçirilən tədbirdə Rumıniyanın dövlət və hökumət nümayəndələri, parlament üzvləri, türkdilli ölkələrin səfirləri, iş adamları, SOCAR-ın tərəfdaşları, Azərbaycan diasporunun üzvləri, tələbələr iştirak ediblər. Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov və diaspor təşkilatının rəhbəri İqbal Hacıyev Novruz bayramı münasibəti ilə qonaqları təbrik edib.
Tədbirdə “Bakı-2015” birinci Avropa Olimpiya oyunları və SOCAR-ın yeni loqosu ilə bağlı filmlər nümayiş olunub. Rumıniya Milli Olimpiya Komitəsinin prezidenti Alin Petrake qonaqları salamlayaraq Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib, birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə əmin olduğunu bildirib.
SOCAR-ın Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov tədbir iştirakçılarına şirkətin yeni loqosunu təqdim edib.
Tədbir Azərbaycan incəsənət ustalarının ifasında musiqi proqramı ilə davam etdirilib.
Novruz bayramı ərəfəsində SOCAR-ın Rumıniya nümayəndəliyinin əməkdaşları Buxarestdəki Türk məzarlığını ziyarət edib, Çanaqqala zəfərinin 100-cü ildönümünə həsr olunan tədbirdə iştirak ediblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra SOCAR Rumıniya nümayəndəliyi adından Buxarest Türk məzarlığındakı abidə önünə əklil qoyulub. Türkiyənin Rumıniyadakı səfiri Osman Koray Ertaş Çanaqqala döyüşünün tarixi əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.