QAN YADDAŞI
Buxarestdə Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Buxarest, 26 fevral, AZƏRTAC
Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Azərbaycanın Rumıniyadakı səfirliyində anım mərasimi keçirilib.
Mərasimdə Heydər Əliyev Fondunun və ARDNŞ-in Rumıniyadakı nümayəndəliklərinin əməkdaşları, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri və idarə heyətinin üzvləri, Azərbaycan-Rumıniya Mədəniyyət və Gənclər Assosiasiyasının, Rumıniya-Azərbaycan Sənaye və Ticarət Palatasının üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, türk-tatar icmalarının nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Xocalı şəhərində qətlə yetirilən insanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Səfirliyin konsulu Vüqar Hüseynli Azərbaycan xalqının tarix boyu erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmasından, öz tarixi torpaqlarından qovulmasından, qaçqın və məcburi köçkünə çevrilməsindən və bütün bunların ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunmasından danışıb. O, Xocalı faciəsinin Azərbaycanın unudulmaz, dəhşətli və qanlı günlərindən olduğunu söyləyərək, ermənilər tərəfindən törədilən qırğının ağır nəticələrindən danışıb, soyqırımı qurbanlarının bir sıra dünya ölkələrində anıldığını bildirib.
Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin direktoru İqbal Hacıyev Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva
tərəfindən irəli sürülən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası haqqında məlumat verib. O, beynəlxalq miqyasda, o cümlədən Rumıniyada Xocalı soyqırımı ilə bağlı həqiqətlərin təbliğ edilməsində diaspor üzvlərinin bundan sonra da aktiv fəaliyyət göstərməsinin vacibliyi vurğulayıb.
Xocalı soyqırımı ilə bağlı hazırlanmış mətbuat açıqlamaları Rumıniya parlamentinə, rəsmi dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına, Rumıniyada fəaliyyət göstərən səfirliklərin və beynəlxalq təşkilatların nümayəndəliklərinə də göndərilib. Rumıniyanın bir sıra nüfuzlu qəzetlərində və mətbuat orqanlarında Xocalı faciəsi ilə bağlı məqalələr çap olunub.