İDMAN
Buxarestdə gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir
Bakı, 25 iyun, AZƏRTAC
Rumıniyanın paytaxtı Buxarestdə gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. Çempionatın beşinci günündə 50, 60, 74 və 96 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər mübarizəyə qoşulublar.
AZƏRTAC xəbər verir ki, güləşçilərimiz Əliabbas Rzazadə (50 kq, 1/16 final) Rusiya pəhləvanı Georgiy Okorokov, Əli Rəhimzadə (60 kq, 1/8 final) ermənistanlı Gevorg Tadevosyan, Murad Süleymanov (74 kq, 1/16 final) Yunanıstan təmsilçisi Pavlos Tsopouzidis, Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq, 1/8 final) isə moldovalı Dmitri Ceacusta ilə qarşılaşacaq.
Çempionatda görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edir.
Ötən il keçirilən Avropa çempionatında gənclərimiz yeni tarix yazaraq ümumilikdə 5 qızıl, 4 gümüş, 6 bürünc medal qazanıb.
Gənclər arasında Avropa çempionatı iyunun 26-da başa çatacaq.