QAN YADDAŞI
Buxarestdə keçirilən anım mərasimində 20 Yanvar faciəsi qurbanları yad olunub
Buxarest, 20 yanvar, AZƏRTAC
20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar Azərbaycanın Rumıniyadakı səfirliyində anım mərasimi keçirilib.
Tədbirdə Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov, səfirliyin əməkdaşları, “SOCAR Petrolium SA” şirkətinin nümayəndələri, Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Rumıniya-Azərbaycan İkitərəfli Sənaye və Ticarət Palatasının, Rumıniya-Azərbaycan Mədəniyyət və Gənclər Assosiasiyası İdarə Heyətinin üzvləri, Rumıniyada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra 20 Yanvar faciəsindən bəhs edən qısametrajlı film nümayiş olunub.
Tədbirdə çıxış edən səfirliyin müşaviri İrfan Davudov 20 Yanvar faciəsi zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşiliklərdən danışıb, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını deyib.
Tədbirdə 1990-cı il 20 yanvar tarixində Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və mövcud rejimin, sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi və öz qəddarlığı ilə seçilən təcavüzdən söhbət açılıb, konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan silahsız Vətən övladlarının gülləbaran edilməsindən bəhs olundu. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyi xüsusi vurğulanıb, həmin hadisələrə ilk dəfə siyasi-hüquqi qiymətin Ulu Öndər tərəfindən verildiyi diqqətə çatdırılıb.
Eyni zamanda, səfirliyin təşəbbüsü ilə Rumıniyanın “Nine O'Clock” qəzetində, eləcə də Rumıniyanın milli xəbər agentliyi olan “Agerpress”in internet səhifəsində 20 Yanvar faciəsinə həsr olunmuş məqalələr yerləşdirilib.
Bununla yanaşı, səfirlik tərəfindən hazırlanmış 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini özündə əks etdirən mətbuat açıqlaması xarici ölkələrin Buxarest şəhərindəki səfirliklərinə və beynəlxalq təşkilatların nümayəndəliklərinə, Rumıniyanın dövlət strukturlarına, qeyri-hökumət təşkilatlarına paylanılıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest