REGİONLAR
Buzadırmanma üzrə açıq Azərbaycan çempionatının qalibləri müəyyənləşib VİDEO
Qusar, 8 fevral, Elxan Yusifli, AZƏRTAC
Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirilən IX Buzadırmanma üzrə açıq Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi, iki gün davam edən yarış oğlanlar və qızlar arasında keçirilib.
Çempionatın ilk günü çətinlik mərhələsi üzrə təsnifat-seçim yarışları təşkil olunub. Bu mərhələni müvəffəqiyyətlə keçən idmançılar yarımfinala vəsiqə qazanıblar.
Gərgin mübarizə şəraitində keçən turnirdə oğlanlar arasında Rinat Rəhimxanov birinci, Ramay Rəhimxanov ikinci, Rauf Zeynalov isə üçüncü yerə sahib olublar.
Qızlar arasındakı yarışda isə Leyla Əhmədova hamıdan yaxşı nəticə göstərərək ilk yeri qazanıb. Fidan Novruzova ikinci, Süsən Əliyeva isə üçüncü yeri tutub.
Yarışın sonunda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.
Mükafatlandırma mərasimində FAİREX-in prezidenti, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək, yarışın yüksək səviyyədə təşkilindən danışıb, qalibləri təbrik ediblər.