DÜNYA
CƏNUBİ QAFQAZ GƏNCLƏRİ SEÇİCİLƏRİN MAARİFLƏNDİRİLMƏSİ VƏ KİV MƏSƏLƏLƏRİNİ MÜZAKİRƏ ETDİLƏR
Mayın 31-də Tbilisidə “Cənubi Qafqaz ölkələrində KİV-in köməyi ilə gənc seçicilərin maarifləndirilməsi metodikasının hazırlanması” mövzusunda konfrans keçirilmişdir. Tədbir Avrasiya Fondu tərəfindən təşkil olunmuşdur. Konfransda Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir.
Məclisi Beynəlxalq Vətəndaş Mədəniyyəti Mərkəzinin sədri Konstantin Kandelaki açaraq, Avrasiya Fondunun Cənubi Qafqazda Əməkdaşlıq Proqramının maliyyələşdirdiyi “KİV-in köməyi ilə gənc seçicilərin maarifləndirilməsi metodikasının hazırlanması” layihəsində qarşıya qoyulan vəzifələr, Gürcüstanda qəzet və jurnalların, rəsmi və özəl teleradioşirkətlərin fəaliyyəti və vəziyyəti, əhalinin, ilk növbədə gənclərin kütləvi informasiya vasitələrinə münasibəti barədə məlumat verdi.
Azərbaycan nümayəndələri çıxışlarında dövlətimizin başçısı Heydər Əliyevin ölkəmizdə siyasi yönümündən və partiya mənsubiyyətindən asılı olmayaraq, bütün kütləvi informasiya vasitələrinə daim qayğı göstərdiyindən, onların redaktorları ilə vaxtaşırı görüşərək problemləri ilə maraqlandığından danışdılar. Onlar xüsusi vurğuladılar ki, Prezident Heydər Əliyev qəzetlərin maliyyə vəziyyətinin ağır olduğunu nəzərə alaraq, onların dövlətə borcunun ilin sonunadək dondurulması və nəşrlərə kredit ayrılması barədə tapşırıq vermişdir. Bundan əlavə, “Mətbuat haqqında” Azərbaycan Respublikasının Qanununa düzəlişlər və əlavələr edilmişdir ki, bu da məhz dövlətimizin başçısının mətbu orqanlarına qayğı və diqqətinin parlaq təzahürüdür.
Qeyd edək ki, Prezident Heydər Əliyevin kütləvi informasiya vasitələrinə belə yüksək qayğısı qonşu ölkələrin nümayəndələrində həsəd hissi doğurdu.
Konfransın yeşkunlarına əsasən qətnamə qəbul olundu. Qərara alındı ki, belə bir tədbir Cənubi Qafqaz ölkələrinin paytaxtlarında hər il növbə ilə keçirilsin.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi