DÜNYA
Çad gölü hövzəsi ölkələrinin yeddi milyondan çox sakini doyunca yeməməkdən əziyyət çəkir
Bakı, 24 yanvar, AZƏRTAC
Fevralın 24-də Osloda Çad gölü hövzəsi ölkələrində (Sahil ölkələrində) humanitar vəziyyətə həsr edilmiş beynəlxalq konfrans keçiriləcək. Bu bölgədə yardıma ehtiyacı olan 11 milyon nəfərdən 7,1 milyonu xroniki aclıqdan əziyyət çəkir. Onlar yaxşı halda gündə bir dəfə qida qəbul edir.
AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, Sahil ölkələrinə humanitar yardımın regional əlaqələndiricisi Tobi Lanzer bu barədə Nyu-Yorkda keçirilən brifinqdə məlumat verib. O daha sonra əlavə edib ki, konkret halda Nigeriyanın şimal-şərqi, Kamerunun şimalı, Çadın qərbi və Nigerin cənub-şərqi nəzərdə tutulur. Bu rayonlarda humanitar böhranın əsas səbəbi “Boko haram” silahlılarının törətdiyi özbaşınalıqlar olub.
Regionda ən ağır vəziyyətə düşən uşaqlardır: 515 min uşaq ölümlə həyat həddindədir. Terrorçuların hücumlarına məruz qalan sakinlər öz doğma yurdlarını tərk etməyə məcbur olaraq, köçkün və qaçqın vəziyyətində qonşu ölkələrə üz tuturlar. Tobi Lanzerin sözlərinə görə, hazırda bu regionda 2,5 milyon köçkün var.