CƏMİYYƏT
Çal-çağır, bayram tortu, göyərçinlər və rəngbərəng şarlar...
Bakı, 1 iyun, AZƏRTAC
Uşaqların sevimli bayramına Xətai Rayon İcra Hakimiyyətinin qarşısındakı parkda təşkil edilən tədbirlə start verilib. Rayon məktəblərinin aşağı siniflərində oxuyan yüzdən çox şagird ritmik musiqi sədaları altında üçrəngli bayrağımızı əks etdirən mənzərə yaradıb, sonra meydanda “1 İyun” və “Sülh” sözləri yazıblar. Uşaqların Müdafiəsi Günü ilə əlaqədar keçirilən tədbir barədə məlumat AZƏRTAC-a Xətai Rayon İcra Hakimiyyətindən daxil olub.
Fləşmobdan sonra rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov təbrik çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin uşaqlara sevgisi və məhəbbəti son dərəcə böyük olub. Ulu Öndərin kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin qarşıya qoyduğu ən aktual vəzifələrdən biri uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması, qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşmasıdır.
Bayram münasibətilə uşaqlari təbrik edən Milli Məclisin deputatı Hüseynbala Mirələmov ümummilli lider Heydər Əliyevin uşaqların sağlam gələcəyinə verdiyi möhtəşəm töhfələr və onların qayğısız böyüməyi uçun yaradılan şəraitdən danışıb.
Bayram şənliyi rayonun Heydər parkında davam edib. Yüzlərlə məktəbli əllərində gül dəstələri ilə ümummilli lider Heydər Əliyevin parkda ucaldılmış abidəsini ziyarət edib. Rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdıyeva uşaqları təbrik edərək onlara gələcək həyatda və təhsildə uğurlar arzulayıb.
Müxtəlif dadlı təamların düzüldüyü bayram süfrəsinə dəvət alan uşaqlar üçün konsert proqramı təşkil edilib. İncəsənət ustaları və məzhəkəçilərin çıxışları, rəngarəng rəqs və əyləncəli oyunlar uşaqlara əsl bayram əhvali-ruhiyyəsi yaşadıb.
Tədbir bayram tortunun kəsilməsi, sülh rəmzi olan göyərçinlərin havaya uçurulması və rəngbərəng şarların səmaya buraxılması ilə başa çatıb.