SİYASƏT


Çan Dai Quanq: Vyetnam ilə Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədədir

A+ A

Hanoy, 22 sentyabr, AZƏRTAC

Hazırda Vyetnam ilə Azərbaycan arasında əməkdaşlıq yüksək səviyyədədir.

Bu fikri Vyetnam Sosialist Respublikasının yeni seçilmiş Prezidenti Çan Dai Quanq Azərbaycanın Hanoydakı səfiri Anar İmanovu qəbul edərkən deyib.

Vyetnam Prezidenti iki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətli rol oynadığını, tarixi dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da davam etdiriləcəyini və möhkəmləndiriləcəyini bildirib. Çan Dai Quanq ölkələrimizin ticarət dövriyyəsinin ildən-ilə artdığını vurğulayaraq, digər sahələr ilə yanaşı, iqtisadi-ticari əlaqələrin sürətlə inkişafının böyük əhəmiyyət kəsb etdiyini deyib.

Hərtərəfli əməkdaşlığın inkişafı və qarşılıqlı anlaşma mühitinin daha da gücləndirilməsi üçün yüksək səviyyəli səfərlərin davam etdirilməsinin vacibliyini vurğulayan Vyetnam Prezidenti bunun bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə zəmin yaradacağını bildirib.

Çan Dai Quanqı Vyetnam Prezidenti seçilməsi münasibətilə təbrik edən səfir A.İmanov ikitərəfli münasibətlərin dərin köklərə malik olduğunu vurğulayıb, Vyetnamın ilk Prezidenti Ho Şi Minin 1959-cu ildə Azərbaycana və ulu öndər Heydər Əliyevin 1983-cü ildə SSRİ-nin Nazirlər Şurasının Sədrinin birinci müavini qismində Vyetnama səfərinin xalqlarımız arasında dostluq münasibətlərinin təməlini qoyduğunu diqqətə çatdırıb.

Səfir yüksək səviyyəli səfərlərlə yanaşı, Azərbaycan və Vyetnam parlamentlərində dostluq qruplarının, iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının, Vyetnam-Azərbaycan Dostluq Təşkilatının, Azərbaycanın Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin fəaliyyətinin müxtəlif sahələr üzrə ikitərəfli əməkdaşlığa böyük töhfə verdiyini xüsusi vurğulayıb.

A.İmanov Vyetnamın Azərbaycanda səfirliyinin açılmasının ölkələrimiz arasında əməkdaşlığın inkişafına təkan verəcəyinə və bu məsələnin tezliklə həllini tapacağına ümid etdiyini diqqətə çatdırıb. O, həmçinin Vyetnama səfər etmək niyyətində olan vətəndaşlarımıza münasibətdə viza rejiminin ləğvi məsələsinə baxılmasını xahiş edib.

Görüşdə Çan Dai Quanq səmimi salamlarının və xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib və dövlətimizin başçısını münasib olan zamanda Vyetnama səfərə dəvət edib.

Görüşdə Azərbaycan ilə Vyetnam arasında siyasi, iqtisadi, ticari, humanitar, enerji, təhsil, turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Hanoy

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.