CƏMİYYƏT
Çantada xeyli miqdarda xarici valyuta aşkarlanıb
Bakı, 29 iyun, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən qanunsuz yolla aparılmasına cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı-İstanbul aviareysi ilə getmək istəyən Türkiyə Respublikasının vətəndaşı gömrük nəzarətindən "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə keçsə də, əl çantası rentgen aparatından keçirilərkən monitorda əsginasların təsviri görünüb.
Daha sonra vətəndaşın çantası yoxlanılıb və çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 299 ədəd - hər biri 100 ABŞ dolları nominalında əsginaslar olmaqla, cəmi 29.900 ABŞ dolları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.