ELM VƏ TƏHSİL


“Çay plantasiyalarının suvarılması rejimi və texnikası” kitabı çapdan çıxıb

Bakı, 30 dekabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzinin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyevin “Çay plantasiyalarının suvarılması rejimi və texnikası” kitabı çapdan çıxıb.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, nəşrdə alimin 55 illik fəaliyyəti dövründə Azərbaycanda çay plantasiyalarının nəzəri və praktik məsələlərinə həsr olunan elmi tədqiqatları yer alıb.

Kitabda Azərbaycanın çay becərilən subtropik bölgələrində bu bitkinin ekoloji-bioloji baxımdan daha əlverişli becərilmə üsulları da əksini tapıb. Nəşrdə torpağın su rejiminin bütövlükdə nizamlanması və çay plantasiyalarında sabit yüksək məhsul almaq üçün suvarmanın tətbiqi mühüm aqrotexniki amil kimi göstərilib. Həmçinin çay bitkisinin yaxşı inkişaf etməsi üçün torpağın optimal rütubətliliyi laboratoriya və vegetativ tədqiqatlar aparılaraq müəyyən olunub, onun mineral qida elementlərinin intensiv mənimsənilməsi və nitrifikasiya prosesinə torpağın müxtəlif rütubətlənməsinin təsiri aydınlaşdırılıb.

Monoqrafiyada çay plantasiyalarında suvarma rejiminin müəyyən edilməsi üsulları, mikroiqlim şəraiti, çay bitkisinin fizioloji və məhsuldarlıq göstəricilərinə dair materiallar yer alıb.

Kitab tələbələr, o cümlədən magistrantlar, dissertantlar, doktorantlar və çayçılıq təsərrüfatı ilə məşğul olanlar üçün nəzərdə tutulub.

Nəşrin elmi redaktoru AMEA-nın müxbir üzvü Maqsud Qurbanovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.