CƏMİYYƏT
Çaylarda sululuq artıb
Bakı, 29 iyul, AZƏRTAC
Ötən günlər ərzində bəzi yerlərdə yağan yağış nəticəsində respublika çaylarının sululuğunda artım müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-80, Kiçik Qafqazın çaylarında 110-160, Lənkəran-Astara bölgəsi çaylarında isə 120-130 faizini təşkil edir.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, iyulun 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 110 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 4 santimetr artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi saniyədə 121 kubmetrdir. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 santimetr qalxıb.
Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 362, Salyanda 140, Bankədə 191, Novruzlu məntəqəsində isə 75 santimetrdir.