CƏMİYYƏT
Çaylarda suyun səviyyəsi azalıb
Bakı, 31 iyul, AZƏRTAC
İyulun 31-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-100, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 70-90 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik baş verməyib. Məntəqədə su sərfi saniyədə 95 kubmetr olub. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Bu məntəqədə su sərfi saniyədə 11,5 kubmetr təşkil edib.
Kür çayının aşağı axınında və Araz çayının Novruzlu məntəqəsində də suyun səviyyəsində əsasən azalma qeydə alınıb.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 345, Şirvanda 191, Salyanda 120, Bankədə 174, Novruzlu məntəqəsində isə 58 santimetrdir.