CƏMİYYƏT
Çayların sululuğu ilə bağlı aparılan araşdırmanın nəticələri açıqlanıb
Bakı, 27 iyul, AZƏRTAC
İyulun 27-də Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-100, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara bölgəsi çaylarında isə 90-95 faizini təşkil edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 50 kubmetr olub. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Bu məntəqədə su sərfi saniyədə 33 kubmetr təşkil edib.
Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsinin əsasən azaldığı müəyyən edilib.
Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 347, Şirvanda 201, Salyanda 129, Bankədə 175, Novruzlu məntəqəsində isə 60 santimetrdir.