CƏMİYYƏT
Çəkidə kiçik artım ciddi nəticələrə gətirib çıxara bilər
Amerika Kardioloji Assosiasiyasının (American Heart Association) tədqiqatçıları müəyyən ediblər ki, çəkidə azacıq artım (2 kiloqramdan 5 kiloqramadək) insanların sağlamlığına təsir göstərir, arterial təzyiqini qaldırır.
AZƏRTAC “Science World Report” jurnalına istinadla xəbər verir ki, 18-48 yaşlı könüllülərin iştirakı ilə müşahidə aparılıb. Alimlər tədqiqatın əvvəlində insanların arterial təzyiqini ölçüblər. Onlardan 16 nəfəri hər gün adət etdiklərindən 400 kalori artıq qida qəbul etməli idilər. Bəziləri yeni qida rasionu nəticəsində bir neçə kiloqram artırdı. Onların arterial təzyiqi orta hesabla 4 bənd (114-dən 118-dək mm civə sütunu) artıb. Çəki artımı qanda xolesterinin və qlükozanın göstəricilərinə heç bir təsir göstərməyib.
Alimlərin fikrincə, artıq çəkinin təhlükəsini heç vaxt unutmamalıyıq. Əgər sağlamlığımıza fikir verməsək, bir neçə artıq kiloqram piylənməyə çevrilə bilər.