REGİONLAR
Çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur
Respublikamız çəltik əkinçiliyinə görə üç zonaya bölünür. Birinci Lənkəran-Masallı zonası, ikinci Şəki-Zaqatala zonası, üçüncü isə Quba-Xaçmaz zonasıdır. Çəltiyin hər hektardan orta hesabla məhsuldarlığı 35-40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə 50-60 sentner və daha artıq olur.
Çəltik iki yarımnövə bölünür. Birinci yarımnövdə dən uzunluğu ilə, ikinci yarımnövdə isə qısa yumruluğu ilə fərqlənir. Respublikamızda çəltiyin “Ağ-qılçıq”, “Sarı-qılçıq”, “Uzros”, “Ağ-ənbərbü”, “Sədri”, “Krosnodar” kimi növləri rayonlaşdırılıb. Şəki-Zaqatala zonası üçün “Ağ-qılçıq”, “Sarı-qılçıq”, “Uzros” növləri daha məhsuldardır və iqlim şəraitinə uyğundur.
Bu barədə AZƏRTAC-a aqrar elmlər üzrə fəlsəfə doktoru Murtuzəli Hacıyev bildirib.
Onun sözlərinə görə, çəltik əkini üçün düz relyefli sahə seçilməlidir. Həmin sahə mütləq dərin dondurma şumu edilməli və oktyabr ayında başa çatdırılmalıdır. Dondurma şumu erkən yazda və səpinqabağı yenə şumlanmalıdır. İkinci şumdan sonra ləkləri hazırlamaq, onları hamarlamaq, tirləri düzəltmək və sahəni tam səpinə hazır vəziyyətə gətirmək lazımdır. Yaxşı toxum yaxşı məhsul əldə etmək üçün həlledici şərtdir. Səpin qabağı toxum tam təmizlənməlidir, cücərmə faizi yoxlanmalıdır. Əllə səpin aparıldıqda səpinqabağı çəltik toxumları isladılır və cücərdilərək əllə səpilir.
Mütəxəssisin qənaətinə görə, çəltik əkini üçün may ayının 5-dən 25-dək Lənkəran-Masallı zonasında, 10-dan 25-dək isə Şəki-Zaqatala zonasında ən yaxşı dövr hesab olunur. Çəltiyin səpin norması bir hektara 140-150 kiloqram olması məsləhətdir. Yerli şəraitə görə bu norma 10-15 faiz azaldıla, ya da artırıla bilər.
M.Hacıyev vurğulayıb ki, çəltik istilik sevən bitkidir. Çəltiyin tam cücərmədən kollanmasının axırına qədər olan dövr 30-32 günə başa çatır. Kollanmanın sonundan çiçəklənmənin axırınadək 22-25 gün çəkir. Səpinin qurtarması ilə məhsulun yetişməsi 115-135 gündə başa çatır. Çəltik iki üsulla - toxum səpilməsi və şitillə əkilir. Relyefi düz olan, sututar ləkləri iri olan sahələrdə toxumsəpən texnikalar ilə səpinin keçirilməsi daha məqsədəuyğundur. Şəki-Zaqatala zonası üçün əl ilə səpin aparılması təcrübədə özünü doğruldub. Bu qaydada aparılan səpində toxumlar torpaqda qida sahəsinə bərabər paylanır və toxum itkisinə yol verilmir, qənaət olunur. Səpin zamanı toxumlar 1,5-2 santimetr dərinliyinə basdırılmalıdır. Çəltiyin şitil üsul ilə yetişdirilməsi əsasən Lənkəran zonasında tətbiq edilir. Çəltik şitili xüsusi şitilliklərdə (tumçarlarda) yetişdirilir.
Mütəxəssis diqqətə çatdırıb ki, çəltiyin suvarılmasında aşağıdakı qaydalar vardır: daimi suya basdırma, qısamüddətli suya basdırma və çəltiyi suya basdırmadan dövrü suvarma üsulları. Şəki-Zaqatala zonasında daimi suya basdırma, Lənkəran zonasında isə şitil əkinində qısamüddətli suya basdırma üsulu üstünlük təşkil edir. Çəltiyin mum yetişkənliyi dövründə su tədricən kəsilir və tarlanın rütubət tutumu 70 faizə qədər qurudula bilər. Bu, məhsulun miqdarını azaltmır. Çəltik tarlalarında alaq otlarına qarşı daim mübarizə aparılmalıdır. Kollanmanın aparılması dövrü hər hektara 150-160 kiloqram azot və 70-80 kiloqram superfosfat gübrəsinin verilməsi məhsuldarlığı artırır.
M.Hacıyev bildirib ki, yığımdan 12-15 gün qabaq zəmidən su kənar edilməlidir. Sünbüllər 80-90 faiz saraldıqda biçin başlayır. Yaxşı quru havada biçin 2-3 gün sərili qalır, qurudulur. Sonra dərzlərə bağlanmalıdır və çəltiyin döyülməsi 6-7 gündən sonra başlanmalıdır. Geniş sahələrdə məhsul yığımı taxılbiçən kombaynlarla həyata keçirilir. Çalışmaq lazımdır ki, məhsul itkisinə yol verilməsin. Çəltik dəni saxlanılan anbarlarda rütubət 13-14 faizdən artıq olmamalıdır.