DÜNYA
Çempionat: kimin bığı və saqqalı daha yaraşıqlıdır?
Bakı, 7 oktyabr, Elşad Qəzvini, AZƏRTAC
Avstriyanın Zalçburq şəhərində bığ və saqqal sənətkarları üzrə qeyri-adi dünya çempionatı keçirilib.
AZƏRTAC “Wiener Zeitung” qəzetinə istinadən xəbər verir ki, yarışmaya 20 ölkədən 350 nəfər qatılıb. Turnirin qalibləri sifətə uyğun qeyri-adi, böyüklüyü ilə seçilən yaraşıqlı bığ və saqqalına görə müəyyən edilib. Min beş yüz tamaşaçının iştirak etdiyi turnirin yekununda 18 növ bığ və saqqal üzrə 2015-ci il Dünya kubokunun qalıbləri seçilib.
ABŞ təmsilçiləri ilk altı nominasiya üzrə qalib gələrək birinci olub. İkinci sıranı gözəl bığ və saqqalları ilə fərqlənən almanlar tutub. Üçüncü yerdə isə Avstriya təmsilçiləri qərarlaşıb.
Ümumilikdə, yarışda birincilik uğrunda İsveçrə, Böyük Britaniya, İspaniya, Finlandiya, Kanada, Yeni Zelandiya və eləcə də Birləşmiş Ərəb Əmirliyindən olan sənətkarlar mübarizə aparıblar.