İDMAN
Çempionlar Liqasında mübarizə aparacaq “Lokomotiv” heyətinə iki perspektivli voleybolçu daxil edib
Bakı, 3 avqust, AZƏRTAC
“Lokomotiv” heyətini gücləndirməkdə davam edir.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yeni mövsümdə iddialı olmağı planlaşdıran “dəmiryolçular” daha iki perspektivli voleybolçunun keçidini həll ediblər.
“Lokomotiv” yeni mövsümdə Super Liqada və Çempionlar Liqasında slovakiyalı Yaroslava Pencovanın köməyindən istifadə edəcək. Boyu 190 santimetr olan 25 yaşlı blokçu Almaniyanın "Dresdner" klubundan transfer olunub. Onunla bir illik müqavilə imzalanıb.
Bakı təmsilçisi xorvatiyalı Hana Çituranı da rənglərinə bağlayıb. 27 yaşlı təcrübəli oyunçu ilə bir illik müqavilə bağlanılıb. Boyu 192 santimetr olan H.Çitura Avropanın ən perspektivli oyunçularından sayılır.
Hücumçu indiyədək Zaqrebin “Mladost” (2002-2006-cı illər), ABŞ-ın “Kaliforniya Universiteti” (2006-2010-cu illər), Almaniyanın “USC Münster” (2010-2013-cü illər), Yaponiyanın “NEC Red Rockets” (2013-2014-cü illər) və Polşanın “İmpel Vroslav” (2014-2015-ci illər) klublarının şərəfini qoruyub.
“Lokomotiv” bundan əvvəl Oksana Kiselyova (Azərbaycan), Ayşən Abduləzimova (Azərbaycan), Ülkər Kərimova (Azərbaycan), Aleksandra Çrnıçeviç (Serbiya), Aneta Havliçkova (Çexiya), Kanani Danielson (ABŞ), Hana Çitura (Xorvatiya) və Özgə Kirdar Çəmbərci (Türkiyə) ilə müqavilə bağlamışdı.