REGİONLAR


Çənlibel gölü Qubaya gələn turistlərin sevimli istirahət məkanına çevrilib VİDEO

Quba, 11 avqust, Elxan Yusifli, AZƏRTAC

Qubanın İkinci Nügədi kəndindəki Çənlibel gölü rayona gələn turistlərin sevimli istirahət məkanına çevrilib.

AZƏRTAC xəbər verir ki, həm yay, həm də qış aylarında gölün ətrafında yerli və əcnəbi qonaqlara rast gəlmək olar. Qızmar yay günlərində əsrarəngiz təbiət mənzərələrini seyr etmək üçün gələnlərin sayı yüzlərlədir. Rayon mərkəzindən təxminən 14 kilometr məsafədə yerləşən Çənlibel gölünə gələn xarici turistlər arasında ərəblər üstünlük təşkil edir.

Kənd sakinləri bu gölün ötən əsrin 50-ci illərində torpaqların suvarılması məqsədilə yaradıldığını bildirirlər. 10-15 metrə qədər dərinliyi olan Çənlibeli yerli sakinlər Göygölə bənzədir.

Burada turistlərə bir sıra maraqlı xidmətlər təqdim olunur. Qonaqlar göldə qayıqla gəzinti, göl ətrafında atla səyahət, restoran və başqa xidmətlərdən faydalana bilərlər. Göldə balıq tutmaq da mümkündür.

Son illər Quba rayonuna turlar təşkil edən agentliklərin Çənlibel gölünə maraq göstərməsi buranı ziyarət edənlərin sayının artmasına səbəb olub.

On hektardan çox ərazisi olan göl qış aylarında da turistlərin diqqətini çəkir. Çənlibel gölü şirin sulu olduğundan şaxtalı havada donur, buz örtüyünün qalınlığı isə 10 santimetrə çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.