REGİONLAR


Çətin işin zərif ustası - FOTO VİDEO

A+ A

Ağdaş, 28 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Seçdiyi sənətin peşəkarı olan qaynaqçı və rəngsaz qadın gördüyü işlərə görə kişilərdən heç də geri qalmır. Adətən kişilərin çalışdığı bu ağır sahədə qadınların işlədiyini görəndə hamı təəccüblənir.

AZƏRTAC xəbər verir ki, Ağdaş rayonunda yaşayan Yeganə Mustafayeva sənəti ilə insanların böyük marağına səbəb olur. O, neçə ildir ki, qaynaqçı, rəngsaz və dizayner kimi öz emalatxanasında çalışaraq ailəsini dolandırır. Günün əsas hissəsini qaynaqçı sexində keçirən Yeganənin zərif əlləri bu ağır işdə kobudlaşıb.

Lakin o, gördüyü işdən heç də yorulmur, əksinə, həvəslə metaldan məişət əşyaları, xüsusən də masa və oturacaqlar, qapı və pəncərələr, uşaq əyləncə mərkəzləri üçün kiçik attraksionlar, müxtəlif ölçüdə və dizaynda məhəccərlər, çardaq və digər əşyalar hazırlayır. Sifarişlər əsasında metaldan 15-ə yaxın məişət əşyası hazırlayan usta xanım etiraf edir ki, bu sənət qadın işi deyil. Çünki qadın ağır metalları qaldırır, onları qaynaq etdikdən sonra gözlərinin ağrısına dözməli olur. Belə çətin işə adətən zərif cinsin nümayəndələri maraq göstərməsə də, Yeganə Mustafayeva bu işin öhdəsindən gələ bilir. O, qışın soyuğunda və yayın istisində qaynaq işlərinin çətinliklərinə dözür. Çünki əldə etdiyi halal qazancla ailəsinə çörək aparır. Əlini ağır işə alışdıraraq bu sənətin sirlərini öyrənib. Elə bunun nəticəsidir ki, bu vaxta qədər hazırladığı əşyalardan heç kim şikayət etməyib. Əksinə, razı qalanların sayı daha çox olub.

Qaynaqçılıq sənətinin sirlərini Ağdaşda 30 ildən çoxdur usta işləyən Çingiz Baxışovdan öyrənən Yeganə gördüyü işlərə görə kişi qaynaqçılardan heç də geri qalmır. İşinə daim məsuliyyətlə yanaşan zəhmətkeş qadının səliqə ilə hazırladığı əşyalar keyfiyyəti və möhkəmliyi ilə seçilir. Əvvəlcə hazırlayacağı əşyanın maketini qurur, sonra dəmiri lazımi ölçüdə kəsərək onu qaynaq etməklə birləşdirir.

Yeganə Mustafayevanın əşyalara yumşaq dəri materialından üzlük çəkməklə bağlı dərzilik bacarığı da var. Eyni zamanda hazırladığı bütün əşyaları xüsusi zövqlə boyamaqla onları daha da gözəlləşdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.