İQTİSADİYYAT
Çex şirkətləri Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdırlar
Bakı, 3 mart, AZƏRTAC
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Çexiyanın sənaye və ticarət naziri Yan Mladekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Şahin Mustafayev Azərbaycan və Çexiya arasında yüksək səviyyəli rəsmi səfərlərin əhəmiyyətini vurğulayıb, müvafiq müqavilə-hüquqi bazanın yaradıldığını, iqtisadi əlaqələrin inkişaf etdiyini, ölkələrimiz arasında hökumətlərarası komissiyanın fəaliyyət göstərdiyini qeyd edib. Nazir bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmində dinamik artım müşahidə olunur, iqtisadiyyatın müxtəlif sahələrində uğurlu əməkdaşlıq həyata keçirilir. Ölkələrimiz arasında kənd təsərrüfatı, sənaye, turizm, İKT, infrastruktur və təhsil sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var, çex şirkətləri sənaye parklarında investorlar üçün yaradılmış əlverişli imkanlardan yararlana bilərlər. Azərbaycanda sahibkarlıq sürətlə inkişaf edir və bir sıra sahibkarlar artıq iri investora çevrilib. Bunlar isə Azərbaycan şirkətlərinin Çexiyada fəaliyyətinin genişlənməsinə yeni imkanlar açır.
Görüşdə nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb və Ermənistanın işğalçı siyasətinin regional əməkdaşlığın inkişafına ən ciddi təhdid olduğunu vurğulayıb.
Çexiya Respublikasının sənaye və ticarət naziri Yan Mladek Azərbaycana səfərindən və ölkəmizdəki inkişafdan məmnunluğunu ifadə edib. Çexiyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edən Yan Mladek iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanları, çex şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.