ELM VƏ TƏHSİL
Çexiya Təhsil Mərkəzinin nümayəndələri Akademik Zərifə Əliyeva adına liseyin qonağı olublar
Bakı, 8 oktyabr, AZƏRTAC
Çexiyanın “Association” Təhsil Mərkəzinin nümayəndələri Sholpan Tamazanova və Yirji Sheykal Akademik Zərifə Əliyeva adına liseyin qonağı olublar.
Liseydən AZƏRTAC-a bildiriblər ki, şagirdlərlə görüşdə S.Tamazanova və Y.Sheykal Çexiya, oradakı təhsil sistemi haqqında ətraflı məlumat veriblər.
Qeyd olunub ki, Çexiyada ingilis, rus və çex dillərində bakalavriat, magistratura və doktorantura üzrə təhsil almaq imkanı var. Praqanın ən nüfuzlu universiteti olan Karlov Universiteti dünyanın ən yaxşı 100 universiteti siyahısına daxil edilib.
Görüşdə şagirdlər Çexiyanın tanınmış universitetləri (Karlov Universiteti, Masarik Universiteti, Çex Texnik Universiteti, Brno Texnologiya Universiteti, Praqa İqtisad Universiteti, Praqa Aqrar Universiteti, Praqa Kimya Texnologiyası Universiteti) və həmin universitetlərə qəbul qaydaları ilə tanış olublar.