Çexiya arxivlərində Azərbaycanla bağlı sənədlərin nüsxələri əldə olunub
Praqa, 21 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova, elmi araşdırmalar və elmi kitabxana şöbəsinin müdiri Lalə Hüseynova Çexiyada səfərdə olublar.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Çex Respublikası Müdafiə Nazirliyinin Hərbi Tarix Arxivinin, Milli Arxiv İdarəsinin, Xarici İşlər Nazirliyinin informasiya idarəsinin nəzdində fəaliyyət göstərən arxiv şöbəsinin və Praqadakı Slavyan İnstitutunun rəhbərliyi ilə görüşlər keçirilib.
Görüşlərdə qonaqlar arxiv sənədlərinin mühafizəsi və bərpası ilə bağlı görülən işlər barədə ətraflı məlumat əldə ediblər. Həmçinin onlar Çexiya arxivlərində ölkəmizlə bağlı məlumatları və məktubları aşkara çıxararaq nüsxələrini əldə ediblər və müvafiq qeydlər aparıblar. Eyni zamanda, İkinci Dünya müharibəsi zamanı keçmiş Çexoslovakiya ərazisində həlak olmuş və dəfn edilmiş hərbi qulluqçuların siyahısı əldə edilib, 1920-1930-cu illərdə Azərbaycandan keçmiş Çexoslovakiya ərazilərinə mühacirət etmiş azərbaycanlı soydaşlarımız haqqında fikir mübadiləsi aparılıb.
Görüşlərdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa