DÜNYA
Çexiya öz ərazisinin bir hissəsini Polşaya verəcək
Bakı, 6 mart, AZƏRTAC
Çexiya qonşu ölkə ilə sərhəddə yerləşən ərazisinin 3,5 kilometrlik hissəsini Polşaya vermək qərarına gəlmişdir.
AZƏRTAC “The Telegraph” qəzetinə istinadla xəbər verir ki, rəsmi Praqa Varşavaya soyuq müharibə illərində SSRİ-nin təzyiqi altında müəyyənləşmiş ümumi sərhədləri dəyişdirməyi təklif edib.
Çexiyanın Baş naziri Boquslav Sobotka polşalılarla “mehriban qonşuluq siyasətini inkişaf etdirmək üçün” ölkəsinin ərazisinin bir hissəsini Polşaya verməyə hazır olduğunu bəyan edib. “Polşa vaxtilə ona məxsus olmuş ərazisini geri alacaq. Lakin hələlik məsələ tam həllini tapmayana qədər bu barədə ətraflı bir söz deyə bilmərəm”,-deyə Baş nazir vurğulayıb.
İndi Praqa sərhədlərin yenidən müəyyənləşdirilməsinə dair təklifinə Varşavanın cavabını gözləyir.
Xatırladaq ki, Çexiya ilə Polşa arasında ərazi mübahisələri 1950-ci ildən davam edir. Bundan əvvəl Praqa mübahisəli əraziyə görə Varşavaya maliyyə kompensasiyası təklif etmişdi. Lakin Polşa tərəfi bu təklifi qəbul etməmişdi. Çexiya KİV-ləri izahat vermişdilər ki, söhbət Şimali Moraviya və Şimali Boqemiya ərazilərindən gedir.