DÜNYA
Çexiya qaçqınları könülsüz qəbul edir
Praqa, 6 iyul, AZƏRTAC
Çexiya hökuməti ölkənin qəbul edəcəyi qaçqınların sayını müzakirə edəcək. Amma onların sayı Avropa İttifaqının müəyyən etdiyi kvotadan aşağı olacaq. Bu barədə milli televiziyanın “Vatslav Moravetsin sualları” verilişində Çexiya daxili işlər naziri Milan Xovanets məlumat verib.
Çexiya nümayəndələri qeyri-rəsmi məşvərət çərçivəsində müzakirələrin nəticələri barədə məlumat vermək üçün iyulun 9-da Lüksemburqa yola düşəcəklər. Nazir deyib: “Mən Çex Respublikasının bu il bir neçə yüz, gələn il də bir o qədər qaçqın qəbul edə biləcəyini bildirmək istəyirəm”.
Xatırladaq ki, Avropa İttifaqı ölkələrinin nümayəndələri iki il ərzində İtaliya və Yunanıstandan təqribən 40 min miqrant qəbul etmək barədə razılığa gəliblər. Məcburi kvotalar iyunun sonunda rədd edilib. Həmin kvotalara müvafiq olaraq, Çexiyanın payına 1853 adam düşürdü. Çexiya televiziyasının məlumatına görə, polis 2015-ci il iyunun 1-dən ölkə ərazisində 314 qeyri-leqal miqrant saxlayıb. Miqrantların çoxu Suriya, Əfqanıstan və İraqdandır.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa