İQTİSADİYYAT
Çexiya şirkətinin interyer və jalüzləri həm də enerjiyə qənaət edir
Bakı, 22 oktyabr Ramiz Quliyev, AZƏRTAC
“BakuBuild-2015” 21-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisində ilk dəfə iştirak edən Çexiyanın “ISOTRA” şirkəti interyer və jalüzlərin istehsalı ilə məşğuldur.
Bu barədə AZƏRTAC-a müsahibə verən şirkətin meneceri Pavel Nemenecek deyib ki, təmsilçisi olduğu şirkət yüksək texnologiyalı məhsulları ilə tanınır və bir neçə dünya patentlərinin müəllifidir.
Onun sözlərinə görə, bu məhsullar həm də günə qarşı davamlılığı ilə seçilirlər. Belə ki, yay vaxtı interyerlər gün şüasından və qızmadan qorunur. Qış aylarında isə əksinə, otağı isti saxlayır ki, bununla da eyni zamanda enerjiyə qənaət olunur. Bütün bunlar gündən qorunma qurğusunun köməyi ilə əldə edilir.
Menecer bildirib ki, bu qurğuların tətbiqi nəticəsində kondisionerdən də imtina etmək mümkündür.