SİYASƏT
Çexiyada Praqa Qrupunun növbəti toplantısı keçirilib
Bakı, 23 iyun, AZƏRTAC
Azərbaycanın Çexiyadakı səfirliyində İslam Əməkdaşlıq Təşkilatının Praqa Qrupunun (İƏTPQ) toplantısı və iftar süfrəsi təşkil edilib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə səfirliyin binasında Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyevin sədrliyi ilə İslam Əməkdaşlıq Təşkilatının Praqa Qrupunun növbəti toplantısı keçirilib. Tədbirdə Praqada akkreditə olunmuş İƏT ölkələrinin səfirləri ilə yanaşı, Çexiya rəsmi dairələrinin təmsilçiləri də iştirak ediblər.
Tədbirdə çıxış edən Fərid Şəfiyev İƏTPQ-nin gündəmində olan məsələlərdən bəhs edib.
İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin səfirləri Praqa Qrupunun 2017-ci ildəki fəaliyyətindən və təşkil etdiyi tədbirlərdən məmnunluqlarını ifadə ediblər.
Toplantı başa çatdıqdan sonra İƏTPQ ölkələrinin səfirlərinin şərəfinə iftar süfrəsi açılıb.