DÜNYA
Çexiyada güclü qar səbəbindən təbii fəlakət rejimi tətbiq edilib
Bakı, 28 aprel, AZƏRTAC
Çexiyanın cənubunda və şərqində güclü qar, yolların buz bağlaması və ağacların aşması səbəbindən cümə günü avtomobil və dəmir yollarının bir çox hissələrində nəqliyyatın hərəkəti dayandırılıb.
AZƏRTAC xəbər verir ki, yerli KİV-lərin yaydığı məlumata görə, regional hakimiyyət orqanları hava sürprizləri ilə əlaqədar təbii fəlakət rejimi tətbiq etməyə məcbur olub. Ölkənin cənubunda 10 mindən çox mənzil və ev elektriksiz qalıb, bir çox yollar bağlanıb. Yol xidməti orqanları bütün texnikanı yolların təmizlənməsinə cəlb etsə də, aramsız yağan qar onların səylərini heçə çıxarır. Çexiyanın şərqində də analoji vəziyyət hökm sürür.
Sinoptiklərin proqnozlarına görə, vəziyyət şənbə günü də belə davam edə və respublikanın başqa ərazilərinə yayıla bilər. Hakimiyyət orqanlarını qarın sonradan sürətlə əriməsi və daşqınlar yaratması təhlükəsi daha çox narahat edir.