DÜNYA
Çexiyada toy xərcləri Azərbaycandakından fərqlidir
Praqa, 11 avqust, AZƏRTAC
Equa bank tərəfindən aparılmış təhlil nəticəsində məlum olub ki, Çexiya sakinləri toyların təşkilinə getdikcə az maliyyə vəsaiti ayırırlar. Keçən əsrin 70-ci illərində toy şənliyinin keçirilməsinə sərf edilən vəsait orta statistik aylıq əməkhaqqının təxminən altı misli qədər idi. Bu gün isə müvafiq məbləğ orta aylıq əməkhaqqının iki mislindən çox deyil. 2015-ci ildə Çexiyada orta aylıq əməkhaqqı təxminən 25,000 kron (925 avro) olub. Bu o deməkdir ki, bu gün çexlər toy məclisinin təşkilinə təxminən 1850 avro xərcləyirlər.
Toyu hələ planlaşdıran respondentlər isə bu məqsədlə daha az məbləğ xərcləməyə hazırlaşırlar.
Son qırx ildə Çexiyada toyların maliyyələşdirilməsi üsulu da dəyişib. Belə ki, keçən əsrin 70-90-cı illərində toy xərcini valideynlər çəkirdisə, son iyirmi ildə bu xərcləri yeni evlənənlər özləri ödəyirlər.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa