SİYASƏT
Çexiyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş bir sıra tədbirlər keçirilir VİDEO
Karlovı Varı, 10 may (AZƏRTAC). Çexiya Respublikasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş bir sıra tədbirlər keçirilir.
AZƏRTAC bu gün Karlovı Varı yaxınlığında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusuna həsr olunmuş qolf üzrə turnirin başlandığı barədə artıq məlumat vermişdir (http://azertag.com/ru/node/1226003). Xatırladırıq ki, bu turnir Heydər Əliyev Fondunun dəstəyi və “Gilan Holding” şirkətinin Çexiyadakı “Caspian Logistics Services” (CLS) nümayəndəliyinin iştirakı ilə Azərbaycanın Çexiyadakı səfirliyi və Karlovı Varıdakı fəxri konsulluq tərəfindən təşkil olunmuşdur.
Bu günlərdə Praqanın mərkəzində və dünya şöhrətli kurort şəhərciyi olan Karlovı Varının girəcəyində “Gilan Holding” şirkətinin “CLS” nümayəndəliyinin təşəbbüsü ilə Heydər Əliyevin doğum gününə həsr olunmuş böyük bilbordlar düzəldilmişdir.
Bundan başqa, həmin şirkət bu günlərdə Praqa məktəblərindən birində qeyri-adi dərs keçirmişdir. Şagirdlərin qarşısında “CLS”in Azərbaycandakı rəhbəri Zeynalabdin Zeynalov çıxış edərək görkəmli dövlət xadimi və siyasi xadim Heydər Əliyevin həyat yolundan danışmışdır. Sonra bu dahi şəxsiyyət haqqında sənədli film göstərilmişdir. Bakıdan gəlmiş qonağın bu əfsanəvi insan haqqında söhbəti uşaqların elə xoşuna gəlmişdir ki, onlar məktəbdə Heydər Əliyev həftəsi təşkil etməyi qərara almışlar. Azərbaycan xalqının ümummilli lideri haqqında inşalar yazılması bu tədbirin tərkib hissəsi olacaqdır. Məktəbin direktoru bu ideyanı dəstəkləmişdir.
Dərsin sonunda yaranan emosional bir məqam Z.Zeynalova çox təsir etmişdir. Əslən ukraynalı bir şagird ona yaxınlaşaraq gözlənilmədən etiraf etmişdir: “Çox təəssüf ki, bizim belə liderimiz olmamışdır!”.
Şirkət Praqanın uşaq evlərindən birində də belə tədbir keçirmişdir.
Hər iki tədris müəssisəsində uşaqlara Azərbaycandan gətirilmiş hədiyyələr təqdim edilmişdir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Karlovı Varı