DÜNYA
Çexiyalı diplomatlar Polşa vətəndaşını xilas ediblər
Praqa, 24 yanvar, AZƏRTAC
Çexiyalı diplomatlar 2015-ci ilin dekabrında Suriyada Bəşər Əsədin hökumət qoşunları tərəfindən əsir götürülmüş Polşa vətəndaşını xilas ediblər. Edam təhlükəsi altında olan 54 yaşlı polşalı Leşek Panek Praqa Qradının xarici siyasət şöbəsinin başçısı Qinek Kmoniçekin və Çexiyanın Dəməşqdəki səfiri Eva Filipinin səyləri ilə artıq Beyruta gətirilib və Polşa səfirliyi əməkdaşlarının himayəsinə verilib.
Suriyada tutulan zaman odlu silahla ayağından yaralanmış və sonralar “terrorçu” fəaliyyətdə ittiham edilmiş Leşek Paneki Polşa tərəfi də azad etməyə çalışıb. Amma onun cəhdləri uğursuz olub. Polşa diplomatları Çexiyadan yardım istəyiblər. Çex Respublikası NATO-nun və Avropa İttifaqının yeganə ölkəsidir ki, onun səfirliyi Dəməşqdə işləməyə davam edir. ABŞ-ın diplomatik nümayəndələri də Suriyada Çexiya missiyası vasitəsilə fəaliyyət göstərirlər.
Bircə məsələni aydınlaşdırmaq qalır: görəsən, polyak Suriya qan çanağının düz ortasında, özü də kamuflyaj formasında “nə itirmişdi?”
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa