REGİONLAR


Çəyirtkə sürülərinin Dağıstandan Azərbaycan ərazisinə keçməsinin qarşısını almaq üçün tədbirlər görülür

Bakı, 21 iyul, AZƏRTAC 

KİV-də yayılan məlumata görə, Dağıstan Respublikasının Babayurd, Noqay, Tarumov və Qızılyar rayonlarında 100 min hektara yaxın ərazi çəyirtkələrin hücumuna məruz qalıb. Bununla bağlı artıq həmin rayonlarda ziyanverici həşəratlara görə fövqəladə vəziyyət elan edilib. Artıq yerli hökumət həşəratlarla mübarizə tədbirlərini gücləndirib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən AZƏRTAC-a bildiriblər ki, çəyirtkə sürülərinin Azərbaycan ərazisinə keçməsi təhlükəsini nəzərə alan respublika bitki mühafizə mərkəzinin mobil bitki mühafizə dəstələrinin maddi-texniki bazası müvafiq tələblərə tam uyğunlaşdırılıb və tam hazır vəziyyətə gətirilib. Çəyirtkəkimilərin miqrasiyası baş verdikdə, bunun qarşısının dərhal alınması və kənd təsərrüfatı bitkilərinə ziyan vurmasına imkan verilməməsi üçün Dövlət Xidmətinin balansında olan maşın-mexanizmlər işlək vəziyyətdə saxlanılır.

Eyni zamanda, həmin qurumlar tərəfindən Dağıstanla həmsərhəd rayonlarda və dövlət ehtiyat fond torpaqlarında çəyirtkəkimiləri nəzarətdə saxlamaq məqsədi ilə mütəmadi monitorinqlər həyata keçirilir və ziyanvericilərin sayının çoxaldığı ərazilərdə mübarizə tədbirləri aparılır.

Dövlət Fitosanitar Nəzarəti Xidməti fermerlərə və əkinçiliklə məşğul olan sahibkarlara gözlənilən təhlükə ilə bağlı xəbərdarlıq edir və bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin 1652 və Dövlət Xidmətinin (012) 562-87-44 çağrı mərkəzləri fəaliyyət göstərir. Əgər əkin sahələrində, fermer təsərrüfatlarında zərərvericilərin kütləvi hücumu baş verərsə, dərhal çağrı mərkəzinə zəng etmək və ya Dövlət Xidmətinin yerli qurumlarına məlumat vermək lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.